2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionda formalaşan yeni geosiyasi reallıqların siyasi-hüquqi əsaslarından birinə çevrilib. Sənəd ötən beş il ərzində iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşməsinə, Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə mühüm töhfə verib.
Şuşa Bəyannaməsinin əhəmiyyəti, onun regional və beynəlxalq təsirləri barədə Hafta.az-ın suallarını siyasi şərhçi Qulamhüseyn Əlibəyli cavablandırıb.
– Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş il ərzində Azərbaycan-Türkiyə münasibətlərində hansı əsas dəyişikliklər baş verib?
– 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə münasibətlərinin yeni bir tarixi mərhələsinin əsasını qoydu. Bu sənəd iki qardaş ölkə arasında artıq faktiki mövcud olan strateji tərəfdaşlığı rəsmən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəltdi.
Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlıq daha da dərinləşib. İqtisadi sahədə qarşılıqlı investisiyalar genişlənib, enerji təhlükəsizliyi məsələlərində hər iki ölkənin fəaliyyətlərinin əlaqələndirilməsi daha da güclənib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Türkiyə ilə strateji əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Nəqliyyat və logistika sahəsində isə Orta Dəhliz kimi tanınan beynəlxalq yükdaşımalar marşrutunun inkişafı iki ölkənin birgə fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Humanitar, təhsil, elm və mədəniyyət sahələrində əlaqələr də əhəmiyyətli şəkildə genişlənib, gənclər, akademik dairələr və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq yeni məzmun qazanıb. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətə başlaması da Şuşa Bəyannaməsinin nəticələrindən biri kimi qiymətləndirilə bilər.
Türkiyə ilə Azərbaycan arasında xarici siyasət məsələlərinin əlaqələndirilməsi daha da intensivləşib, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq güclənib, birgə hərbi təlimlərin sayı və miqyası artıb, müdafiə sənayesi üzrə əməkdaşlıq yeni məzmun kəsb edib.
Şuşa Bəyannaməsi həmçinin Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında inteqrasiyanın genişlənməsinə gətirib çıxarıb. Təşkilatın rəsmi və qeyri-rəsmi zirvə görüşləri, fəaliyyətlərin əlaqələndirilməsi, çoxşaxəli əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi müntəzəm xarakter alıb.
Bütövlükdə, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı yeni münasibətlər sistemini formalaşdırmaqla yanaşı, bütün türk dünyasının inteqrasiyası üçün də əhəmiyyətli sənəddir.
– Şuşa Bəyannaməsinin Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar və regional təhlükəsizlik baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqların davamlı olmasına və regional təhlükəsizlik mühitinə mühüm töhfə verib. Mahiyyət etibarilə bu Bəyannamə 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra regionda formalaşan yeni geosiyasi reallıqların və güc balansının siyasi-hüquqi əsaslarından biri hesab oluna bilər.
Sənəd Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra yaranmış yeni regional nizamın möhkəmlənməsinə, qarşıdurmanın qalıcı sülhə çevrilməsini şərtləndirən amillərdən biridir.
Qeyd edilməlidir ki, Bəyannamə Güney Qafqazda sabitlik və təhlükəsizlik məsələlərində Azərbaycan-Türkiyə birliyinin rolunu daha da artırıb, regional əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi üçün əlavə imkanlar yaradıb. Bununla yanaşı, sənəd regionda sülh, əməkdaşlıq və iqtisadi inteqrasiyanın genişlənməsinə yönəlmiş yeni təşəbbüslərin irəli sürülməsinə, qarşılıqlı faydalı regional layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Şuşa Bəyannaməsi həm də regional güc balansının yeni reallıqlara uyğun şəkildə formalaşdığını, artıq Türkiyə və Azərbaycanın regionda söz sahibi olduğunu bir daha nümayiş etdirərək, Cənubi Qafqazın beynəlxalq logistika, nəqliyyat və enerji marşrutlarının mühüm qovşaqlarından birinə çevrilməsinə kömək edən sənəddir.
– Şuşa Bəyannaməsinin türk dünyasında inteqrasiya proseslərinə təsirini necə dəyərləndirirsiniz?
– Şuşa Bəyannaməsi yalnız Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin deyil, bütövlükdə türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsi baxımından da mühüm strateji sənəd kimi qiymətləndirilməlidir. Bəyannamədə əks olunan əməkdaşlıq prinsipləri Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında inteqrasiyanın sürətlənməsinə, türk dövlətləri arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya bağlantılarının genişlənməsinə əlavə stimul verib.
Şuşa Bəyannaməsini türk dövlətləri arasında qarşılıqlı əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edən strateji sənəd kimi qiymətləndirmək daha düzgün olardı. Məhz bu Bəyannamədən sonra Türk Dövlətləri Təşkilatının rəsmi və qeyri-rəsmi zirvə görüşləri, fəaliyyətlərin əlaqələndirilməsi, çoxşaxəli əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi müntəzəm xarakter alıb, ayrı-ayrı sahələrdə idarəetmə qurumlarının əməkdaşlığı, ortaq qurumların formalaşdırılması istiqamətində fəaliyyət intensivləşdirilib.
Bütövlükdə, Şuşa Bəyannaməsi ötən beş il müddətində Türkiyə və Azərbaycan arasındakı yeni münasibətlər sistemini formalaşdırıb, Cənubi Qafqazda yeni geosiyasi reallıqların möhkəmlənməsinə töhfə verib və türk dünyasının inteqrasiyası istiqamətində mühüm strateji baza yaradan əhəmiyyətli sənəd kimi tarixə düşüb.